Beynəlxalq konfransda İlahiyyat İnstitutu müəlliminin məruzəsi dinlənilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, dosent Anar Qafarov Ukraynada təşkil olunan “Şərqi-Mərkəzi Avropada İslamın öyrənilməsi və təhsili: tarixi xüsusiyyətlər və çağdaş perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Anar Qafarov konfransda “Birgəyaşayışın fundamental dəyərlərinin fəlsəfi və dini aspektlərdən analizi” (“Analysis on the Fundamental Values of Coexistence in Terms of Philosophy and Religion”) mövzusunda məruzə ilə çıxış edib. O, mədəni müxtəlifliyin qloballaşma prosesi və cəmiyyətlər üçün labüd olduğunu söyləyib. Alim bu prosesi lokal və qlobal dəyərlərin paylanılması və müxtəlif mədəniyyətlərə məxsus fərdlər arasındakı münasibətlərin inkişaf etməsi baxımından müsbət hadisə kimi qiymətləndirib.
Məruzəçi, eyni zamanda, cəmiyyətlərdəki mədəni müxtəlifliyin ictimai vəhdət zəminində həll edilməsinin bəzi problemlərə səbəb ola biləcəyini vurğulayıb. Multikultural dəyərlərin və tolerant atmosferin qorunub-saxlanılması istiqamətində siyasi və ictimai sahədə görülən tədbirlərin, praktiki olaraq atılan konkret addımların əhəmiyyətli olduğuna diqqət çəkib.
Anar Qafarov dünyada birgəyaşayış və multikulturalizmlə əlaqədar baş verən hadisələrdən bəhs edərək, müxtəlif ölkələrdə bu istiqamətdə baş verən xoşagəlməz hadisələrdən nümunələr gətirib. Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu deyib, bu atmosferin qorunub-saxlanılması məqsədilə ölkədə həyata keçirilən siyasi-ictimai addımlardan danışıb. Alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölkədə təşkil olunan beynəlxalq tədbirlərlə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanlar İdarəsinin və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Anar Qafarov iştirakçıların suallarını cavablandırarkən Azərbaycanda birgəyaşayış ənənəsinin hüquqi, siyasi və dini əsaslarından söz açıb.
Xatırladaq ki, konfrans İslam Tədqiqatları Mərkəzi, “Ostroh” Akademiyasının Milli Universitetinin Şərq bölümü, Fəlsəfə İnstitutu və Ukrayna Milli Elmlər Akademiyası Beynəlxalq İslam Düşüncə İnstitutunun dəstəyi ilə keçirilib. Konfransda Azərbaycan, Ukrayna, Belarus, Polşa, Macarıstan, eləcə də digər ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.