Beynəlxalq media mütəxəssisi Dan Meyson: Azərbaycanlılar niyə Qarabağa - evlərinə qayıtmaq istəyir?
Bakı, 27 oktyabr, AZƏRTAC
Böyük britaniyalı beynəlxalq media mütəxəssisi Dan Meyson “Azərbaycanlılar niyə Qarabağa - evlərinə qayıtmaq istəyir?” sərlövhəli məqalə yazıb. Onun sosial şəbəkə hesabından paylaşdığı analitik xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonrakı real həyatı əks olunub.
AZƏRTAC xəbər verir ki, Dan Meysonun “Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib” fikrinin xüsusi vurğulandığı yazıda Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Beynəlxalq media mütəxəssisi münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan, Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin uzun illərdir heç bir səmərə vermədiyini, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən geri çəkilməsi ilə bağlı qətnamələrinin də bu illər ərzində icra olunmadığını bildirib. Bu səbəbdən də sosial media platformalarının gündəmində olan #KarabakhIsAzerbaijan (Qarabağ Azərbaycanındır!) həştəqinin əslində hamıya məlum olan sadə bir həqiqəti əks etdirdiyi vurğulanıb.
D.Meysonun analitik təhlili sosial mediada böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycandan, həmçinin müxtəlif ölkələrdən olan internet istifadəçiləri yazını bəyənib və paylaşım edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də həmin yazını “Twitter” səhifəsində paylaşıb. Hikmət Hacıyev paylaşımında D.Meysonla şəxsi tanışlığının olmadığını, lakin Azərbaycan xalqının duyğularını ifadə etdiyinə və dəstəyinə görə təşəkkürünü bildirib.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:
Qeyd edək ki, Dan Meyson otuz ildən çox peşəkar jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. O, son 10 ildə Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Əbu-Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir.