Beynəlxalq Mətbuat Mərkəzində “Ehtiyatlı olun, tarix!” layihəsi təqdim edilib
Bakı, 3 fevral, Rəfael Həsənov, AZƏRTAC
Fevralın 3-də “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində “Ehtiyatlı olun, tarix!” layihəsi təqdim edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov və bu Mərkəzin əməkdaşı Elşad Əlili iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Ehtiyatlı olun, tarix!” layihəsinin məqsədi Azərbaycan dövlətçiliyi haqqında real faktlara əsaslanan mötəbər informasiya yaymaq, habelə Azərbaycan xalqının və digər Qafqaz xalqlarının mədəni dəyərləri, bu xalqların həyatında baş vermiş tarixi hadisələr barədə saxta məlumatları təkzib etməkdir.
Tədbir iştirakçıları qeyd ediblər ki, bəzi xarici alimlər dəfələrlə Azərbaycan tarixini saxtalaşdırmağa cəhd göstəriblər və bu cür cəhdlər indi də davam edir. Ölkəmizin keçmişinə dair konkret tarixi sənədlərin və sübutların axtarılıb tapılması və onların təqdim edilməsi formasında cavab tədbirləri görməyin zəruri olması bildirilib.
Qeyd edək ki, “Ehtiyatlı olun, tarix!” layihəsi çərçivəsində Azərbaycanın və Cənubi Qafqazın tarixində əlamətdar hadisələrlə əlaqədar silsilə “dəyirmi masa”lar, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və başqa ölkələrin tarixçi, politoloq və ictimai xadimləri ilə birgə müzakirələr keçirilməsi nəzərdə tutulur.