REGİONLAR
Beynəlxalq Qadınlar Günü münasibətilə N saylı hərbi hissədə bayram tədbiri keçirilib









Mingəçevir, 5 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə N saylı hərbi hissədə bayram tədbiri keçirilib. Tədbirdə şəhid ailələrinin ailə üzvləri, Azərbaycan Ordusunda xidmət edən və mülki qulluqçu kimi çalışan qadınlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayev çıxış edərək bütün qadınları təbrik edib, onlara xoşbəxtlik, səadət, uzun ömür və can sağlığı arzulayıb.
Hərbi hissənin qərargah rəisi polkovnik İdris Məhərrəmov öz çıxışında Azərbaycan Ordusunda xidmət edən bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu var.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbir rəngarəng konsert proqramı ilə davam edib.