Beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yaxşı nəticələrə nail olunmalıdır
Bakı, 2 aprel, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” dair sənəddə ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq əsas vəzifələrdən biridir.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.
R.Əzizov qeyd edib ki, beynəlxalq qiymətləndirmələr tədqiqat xarakteri daşıyır və ölkələrə təhsil siyasətini formalaşdırmağa kömək edir. Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır. İnstitutun bu fəaliyyət sahəsi ilə məşğul olan ayrıca şöbəsi də mövcuddur. Qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, TIMSS) son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS (riyaziyyat üzrə 463 (2011) - 515 (2019)) beynəlxalq qiymətləndirməsində müşahidə olunub.
Məhz bu cür tədqiqatlar nəticəsində hansı istiqamətdə inkişafetdirici addımların atılması ilə bağlı fikir formalaşır. 2016-cı ildən bəri bu qiymətləndirmə tədqiqatlarının tələblərinə uyğun müxtəlif layihələr, o cümlədən “STEAM Azərbaycan”, “İcma əsaslı məktəbəqədər təhsil”, “Zərdabi - ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” həyata keçirilir, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunur. Əldə olunmuş müvəffəqiyyətlərlə yanaşı, görüləcək işlər də çoxdur. Belə ki, beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz riyaziyyatdan nisbətən yaxşı nəticə göstərsələr də, təbiət fənləri üzrə nəticələrin qənaətbəxş olmadığını görürük. Təhsil İnstitutu tərəfindən hazırda təbiət fənlərinin məzmununun təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə nəticələrin yaxşılaşmasına zəmin yaradacaq. Məzmunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən biri və beynəlxalq qiymətləndirmə tədqiqatlarında ən yüksək nəticələr göstərən Sinqapurla əməkdaşlıq edilir. Vurğulayaq ki, beynəlxalq qiymətləndirmələr bilik yarışı deyil, təhsil sistemimizin cari vəziyyətini qiymətləndirmək, boşluqları tapıb aradan qaldırmaq üçün müvafiq addımlar atılmasına imkan yaradan tədqiqatlardır.
Beynəlxalq qiymətləndirmələrin nəticələri mütəmadi tədqiq olunur və digər ölkələrin nəticələrinin yaxşılaşdırmasına yönəlmiş addımlar öyrənilir. Nəticələrə hansı sosial-iqtisadi faktorların, xüsusilə maliyyələşmənin həcmi və makro səviyyədə sistemin təsirləri araşdırılır. Dərin tədqiqatlar bizə atılan addımların effektiv və müvəffəqiyyətli olmasına imkan verəcək.