Beynəlxalq qurumlar ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatları təqdir edirlər
Bakı, 3 mart, AZƏRTAC
Ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu islahatlara yüksək qiymət verərək, Azərbaycanın əldə etdiyi nəticələri Avropa dövlətlərinə qabaqcıl nümunə kimi tövsiyə edirlər. Ötən il məhkəmə sistemindəki nailiyyətlərinə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən layihəni ən uğurlu kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) martın 3-də keçirilən ümumi yığıncağında səslənib.
Yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) illik hesabatı dinlənilib. Birliyin sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sabit inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan danışıb, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini qeyd edib. Assosiasiyanın sədri Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri, cəzaların icrası üzrə idarəetmənin və praktiki fəaliyyətin təkmilləşdirilməsi sahəsində görülən işləri, bu günlərdə isə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında dövlətimizin başçısının imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.
Ələddin Cəfərov qeyd edib ki, Beynəlxalq Hakimlər Assosiasiyasının üzvü olan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu təşkilat və onun regional qurumu olan Avropa Hakimlər Assosiasiyası ilə sıx əməkdaşlığı respublikamızın beynəlxalq nüfuzunun güclənməsinə, əcnəbi təcrübənin öyrənilərək praktik şəkildə tətbiqinə xidmət edir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərov “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib. Çingiz Əsgərov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqindən, Azərbaycanla bağlı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarlardan, ölkəmizdə məhkəmə qərarlarının əsaslandırılmasından danışıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün xüsusi tədbirlər görülür. Prezident İlham Əliyevin ötən ilin fevralında imzaladığı Sərəncam əsasında penitensiar sahədə fəaliyyət təkmilləşdirilib, cəza siyasəti humanistləşdirilib, cinayət hüququ sahəsində mühüm islahatlar aparılıb. Həmin Sərəncamda və ondan irəli gələn tövsiyələrdə, qanunvericilik aktlarında Avropa Məhkəməsinin müəyyən etdiyi prinsiplər öz əksini tapıb və bu, hakimlərin fəaliyyətinə xüsusi kömək göstərib.
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifovun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanununun məhkəmələr tərəfindən tətbiqi təcrübəsi”, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin “Mülki və İnzibati Prosessual məcəllələrdə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda edilən dəyişikliklərin vətəndaş hüquqlarının müdafiəsinə təsiri”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Xəqani Məmmədovun “İnzibati icraat qaydasında baxılan işlər üzrə bəzi məsələlər barəsində”, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun “Təqsirləndirilən şəxslər barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilərkən, habelə müddətlər uzadılarkən nəzərə alınmalı zəruri olan hallar” mövzularında məruzələri dinlənilib.
Tədbirdə, həmçinin təşkilati məsələlərə baxılıb, İctimai Birliyin icra orqanlarının seçkiləri keçirilib, birliyə yeni üzvlər qəbul edilib, Ələddin Cəfərov birliyin sədri seçilib.
Qeyd edək ki, martın 3-də, həmçinin Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilib. Assosiasiyanın sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi yığıncaqda çıxış edərək ötən üç il ərzində qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışıb, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulayıb. Dövlətimizin başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər qeyd edilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, Assosiasiyanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının tikintisi üzrə görülən işlər barədə məlumat verilib.
Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) MMC-nin “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” regional proqramın rəhbəri və Azərbaycan üzrə nümayəndəsi Tomas Meyer “Azərbaycan və Almaniya arasında inzibati hüquq sahəsində əməkdaşlığın perspektivləri”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirov “Hərbi məhkəmələr tərəfindən işlərə baxılan zaman yol verilən nöqsanlar” mövzularında çıxışlar edib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr aparılıb.
Yığıncaqda, həmçinin Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilib.
Sonra Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) birgə iclası keçirilib. 2015-ci ildə yaradılmış Azərbaycan Respublikası Məhkəmə Hakimləri İctimai Birliklərinin (Assosiasiyalarının) İttifaqının idarə heyətinin iclasında Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ittifaqın sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi isə sədr müavini seçilib.
Yığıncaq məruzələrlə və məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələrlə davam edib.