BEYNƏLXALQ VALYUTA FONDU AZƏRBAYCANDAKI İQTİSADİ İSLAHATLARDAN RAZIDIR
V.Kramarenko demişdir ki, rəhbərlik etdiyi missiya Bakıda olduğu bir ay müddətində Azərbaycan hökumətinin nümayəndələri ilə görüşmüş, neft gəlirlərinin qeyri-neft bölməsinə yönəldilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparmışdır. Həmin müddətdə Azərbaycan iqtisadiyyatının artım sürəti və 2006-cı ilin proqnozları diqqətlə öyrənilmişdir. 2005-ci ilin yekunları və əldə olunan artım, inflyasiyanın aşağı həddə saxlanması BVF tərəfindən yüksək qiymətləndirilir. Bu görüşdən əsas məqsəd 2006-cı ilin proqnozları, nəzərdə tutulan artımla bağlı iqtisadi komissiyanın mövqeyini öyrənməkdir.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Z.Səmədzadə ölkədə həyata keçirilən iqtisadi islahatlar, əldə olunan nailiyyətlər, inflyasiyanın Milli Bank, İnqtisadi İnkişaf Nazirliyi və bütövlükdə, hökumət tərəfindən diqqət mərkəzində saxlandığı, qeyri-neft bölməsinə yönəldilən sərmayələr barədə qonaqlara ətraflı məlumat vermişdir. O demişdir ki, komissiya təzə formalaşdığı üçün hazırda 2006-cı ilin proqnozları, iqtisadi qanunvericilik bazası üzərində ciddi iş aparılır. Yaxın vaxtlarda daha vacib qanunların qəbulu istiqamətində müəyyən addımlar atılacaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.