Biləsuvarda qaydaları pozan piyadalar cərimələnib
Biləsuvar, 7 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunda yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Piyadalara həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən düzgün istifadə etməməklə özlərinin həyatı ilə bərabər, digər hərəkət iştirakçıları üçün də real təhlükə yaradan piyadalar barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib.