BİNƏQƏDİ RAYONUNDA HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “MAHİR NİŞANÇI” TURNİRİ KEÇİRİLMİŞDİR
Binəqədi Rayon İcra Hakimiyyətinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının və Binəqədi rayon Gənclər və İdman İdarəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə rayon məktəblilərinin yuxarı sinif şagirdləri arasında güllə atıcılığı üzrə keçirdiyi “Mahir nişançı” turniri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, minlərlə məktəblinin iştirak etdiyi yarışların məqsədi gənclərimizin hərbi vətənpərvərlik ruhunu yüksəltmək, onları ordu sıralarına xidmətə hazırlamaq və mahir nişançıları üzə çıxarmaqdır.
Binəqədi İdman Kompleksində keçirilən növbəti yarışdan əvvəl meydana Azərbaycanın dövlət bayrağı gətirilmiş və Dövlət himni səsləndirilmişdir.
KHVTİC Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov demişdir ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu bir zamanda vətənimizin güclü, qeyrətli və mərd döyüşçülərə böyük ehtiyacı vardır. Gənclərin vətənə sevgi ruhunda böyüməsində bu yarışların böyük əhəmiyyətə malik olduğunu qeyd edən N.Orucov güllə atıcılığında fərqlənən gənclərin snayperlər kursuna dəvət olunacağını söyləmişdir. Onun fikrincə, hər bir azərbaycanlı silahdan istifadə etməyi bacarmalı, hədəflərə atəş açarkən qarşısındakının düşmən olduğunu düşünməli və onu məhv etməyə qadir olmalıdır.
Polkovnik N.Orucov ön mövqelərdə döyüşən əsgərlərimiz arasında böyük ruh yüksəkliyinin hökm sürdüyünü, onların düşmən qarşısında mərdliklə dayandıqlarını gənclərin diqqətinə çatdırmışdır. O bildirmişdir ki, hazırda Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən ağır günlərini yaşayır. Belə bir şəraitdə Ermənistan iqtidarı xalqını bir çox problemlərdən yayındırmaq məqsədi ilə cəbhə xəttində tez-tez atəşkəs rejimini pozur. Buna baxmayaraq, igid əsgərlərimiz düşmən qarşısında mətinliklə duraraq, hər dəfə ona layiqli cavab verirlər.
N.Orucovun sözlərinə görə, aprelin 26-da “mahir nişançı”ların Bakı birinciliyinə yekun vurulacaq, daha sonra respublika birinciliyinə start veriləcəkdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev “Mahir nişançı” yarışını müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin yubileyi ilə bağlı keçirilən tədbirlərin ən mühümlərindən biri kimi dəyərləndirmişdir. A.Qocayev torpaqlarımızın ermənilər tərəfindən işğalının əsas səbəblərini açıqlamış, vurğulamışdır ki, o dövrdə nizami ordunun yoxluğu və hakimiyyət uğrunda gedən mübarizə ölkədə baş alıb gedən anarxiya ərazilərimizin itkisi ilə nəticələnmişdir. Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğuna başlanmış, bu sahədə ciddi islahatlar aparılmışdır. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə diqqət və qayğı artırıldıqdan sonra isə orduya münasibət kökündən dəyişmişdir. Heç də təsadüfi deyil ki, gənclərimiz böyük həvəslə hərbi təhsil müəssisələrinə üz tuturlar.
Tədbir İştirakçıları Bakı Uşu İdman Klubu üzvlərinin nümunəvi çıxışlarına baxmış, Binəqədi Mərkəzi Mədəniyyət evinin kollektivinin iştirakı ilə bədii hissəyə tamaşa etmişlər.
Turnirdə qalib gələn gənc nişançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.