Binəqədi rayonundakı təlimdə fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat verilib
Bakı, 9 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə paytaxtın Binəqədi rayonundakı Binəqədi Gənclər Evində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd Binəqədi Gənclər Evinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş Binəqədi Gənclər Evinin binasında təxliyə planına uyğun olaraq, əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış vətəndaşlara “ilkin tibbi yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, belə tədbirlər FHN tərəfindən Bakıda və regionlarda mütəmadi təşkil olunur.