Binəqədidə qır süxurlarının tərkibində tapılmış buğumayaqlılar öyrənilir
Bakı, 7 fevral, AZƏRTAC
Dünyada heyvan qəbiristanlıqlarının sayı iyirmidən çoxdur. Lakin flora və fauna növünün zənginliyinə və tarixinə görə Binəqədi heyvan qəbiristanlığının dünyada analoqu yoxdur və ən zəngin paleontoloji xəzinə hesab olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin əməkdaşları Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığında indiyədək bir sıra tədqiqatlar aparıblar. Toplanan kolleksiya üzrə 41 növ məməli, 110 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 107 həşərat, 22 bitki qalığı yüksək elmi dəqiqliklə öyrənilib.
Muzeyin əməkdaşları tərəfindən Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığında qazıntı işləri və elmi araşdırmalar davam etdirilir.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində Binəqədi çöküntülərində yeni quş və bitki qalıqları aşkarlanıb. Hazırda onların sistematik vəziyyəti təyin edilir. Qır süxurlarının tərkibində tapılmış buğumayaqlıların öyrənilməsi ilə əlaqədar tədqiqat işləri aparılır. Bundan başqa, Mingəçevir Su Anbarının sahilində (Bozdağda) cənub filinin çoxlu sayda sümüyü tapılıb.
Xatırladaq ki, Binəqədidəki fauna və flora təbiət abidəsi yalnız ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Ranço Lya Brea fauna məskəni ilə müqayisə edilir. Belə ki, buz dövründə hər iki ərazidə qır gölü mövcud olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar qır gölünü içməli su, üzərinə yapışıb qalmış canlıları isə asan yem mənbəyi hesab edərək min illərlə bu tələnin qurbanına çevrilib. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. Ranço Lya Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min il bundan əvvəlki dövrə aid edilir.