“Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq konfrans keçiriləcək
Pekin, 16 iyun, AZƏRTAC
İyunun 18-də “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlığının gücləndirilməsi, COVID-19-la birgə mübarizə” mövzusunda yüksəksəviyyəli videokonfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyunun 16-da keçirilən ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, Çinin dövlət müşaviri, Xarici İşlər naziri Van İnin sədrliyi ilə keçiriləcək görüşdə 25 ölkənin nazirləri, habelə BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri iştirak edəcəklər.
Çinin Xarici İşlər və Səhiyyə nazirliklərinin, Dövlət İnkişaf və İslahat Komitəsinin, Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq videokonfransın məqsədi ötən ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda əldə olunmuş razılaşmaların icrasını, habelə bu təşəbbüsün birgə reallaşdırılmasını müzakirə etmək, COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsini təşviq etmək, bu istiqamətdə təcrübə mübadiləsini və əlaqələndirməni həyata keçirməkdir.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü üzrə dövlət başçıları səviyyəsində Pekində iki dəfə forum keçirilib. Ötən ilin aprelində keçirilmiş forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasında özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə vacib rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa arasında yüklərin daha qısa müddətə və etibarlı daşınması üçün cəlbedici yoldur. Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz “Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin