“BİRLİK VƏ FƏRQLİLİK” MÖVZUSUNDA BEYNƏLXALQ TƏLİM KURSU İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMIŞDİR
Təlim kursunda Serbiya, Makedoniya, Estoniya, Latviya, Litva, Bolqarıstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və Azərbaycandan gənc liderlər iştirak edirlər.
İctimai Birliyin sədri Ceyhun Osmanlı bildirmişdir ki, kursun keçirilməsinin məqsədi “Avropa gənclər siyasəti” çərçivəsində gənclər təşkilatlarının birgə fəaliyyətini, əməkdaşlığını genişləndirmək, gələcəkdə birgə layihələrin hazırlanmasına təkan vermək, habelə gənclərin mədəniyyətlərarası, dinlərarası dialoqunu formalaşdırmaq, yerli və beynəlxalq səviyyədə iştirakını genişləndirmək, onların qərarverici proseslərdə fəallığını sürətləndirməkdən ibarətdir.
Layihənin əlaqələndiricisi İlkin Hacıyev vurğulamışdır ki, təlim zamanı gənclərin hüquqları, vəzifələri, öhdəlikləri, irqi ayrı-seçkilik, milli azlıqların hüquqları, qadın hüquqları, gender məsələləri, gənclər arasında sülh mədəniyyətinin təbliği, qarşılıqlı anlaşma, münaqişələrin səbəbləri, zorakılığın aradan qaldırılması, birlik, ədalət, tolerantlıq və digər məsələlər müzakirə olunacaqdır. “Birlik və fərqlilik” adlı təlim kursu beynəlxalq statuslu təlimçilər tərəfindən aparılacaqdır. Avropada aktual məsələlərdən olan insan hüquqlarının tədrisi, dini tolerantlıq, ayrı-seçkilik və digər məsələlərlə bağlı nəzəri, praktiki biliklər veriləcək, bu istiqamətdə diskussiyalar və təlim sessiyaları keçiriləcəkdir.
Təlim kursunun iştirakçılarına uğurlar arzulayan gənclər və idman nazirinin müavini İntiqam Babayev xaricdən gələn qonaqlarla Azərbaycan gəncləri arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da güclənəcəyinə əminliyini vurğulamışdır.
Təşkilatçılar diqqətə çatdırmışlar ki, beynəlxalq təlim kursunda iştirakçı ölkələrin gənclər təşkilatları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi, gələcəkdə potensial əlaqələrin qurulması, birgə yeni ideyaların həyata keçirilməsi istiqamətində də konkret addımlar atılacaqdır.
Tədbirdə dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən təlim kursuna qatılan xarici qonaqlar iştirak etmişlər.