Birol Akgün: Türk dünyasının innovasiya yaradan mərkəzə çevrilməsində akademik ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür VİDEO
Bakı, 6 may, AZƏRTAC
Bizim əsas məqsədimiz Türk dünyasını texnologiya istehsal edən, qlobal dəyər zəncirinə istiqamət verən və innovasiya yaradan güclü bir mərkəzə çevirməkdir və bu yolda universitetlərimizin, tədqiqat mərkəzlərimizin, gənclərimizin, ümumilikdə isə bütün akademik ictimaiyyətimizin üzərinə böyük məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Səfir bildirib ki, mədəniyyət yalnız hərbi güclə deyil, eyni zamanda, düşüncə, elm və uzaqgörən baxışla yüksəlir və məhz bu səbəbdən Türk dünyasının gələcəyini təsadüflərin ümidinə buraxmaq olmaz: “Bu gələcəyi formalaşdırmaq və Türk Dövlətləri Təşkilatının “Türk dünyası – 2040” baxışında müəyyən edilən hədəflərə çatmaq üçün ortaq iqtisadi mexanizmlərin inkişaf etdirilməsi, nəqliyyat və enerji əlaqələrinin daha da gücləndirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təhsil və akademik mobilliyin genişləndirilməsi, həmçinin ortaq texnologiya və innovasiya platformalarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı ən vacib məqam ortaq gələcək təsəvvürünün və strateji baxışın institusional əsasda formalaşdırılmasıdır. Çünki tarix açıq şəkildə göstərir ki, Türk dünyası birlikdə hərəkət etdikdə yüksəlib, parçalandıqda isə xarici təsirlərə qarşı daha həssas vəziyyətə düşüb”.