SİYASƏT
Bişkekdə “Heydər Əliyev: İstedad, şəxsiyyət və zaman” adlı beynəlxalq konfrans keçirilib
Daşkənd, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi Qırğız-Türk “Manas” Universiteti ilə birgə “Heydər Əliyev: İstedad, şəxsiyyət və zaman” adlı beynəlxalq konfrans keçirib.
Beynəlxalq konfransda Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç, ictimai-siyasi xadimlər, universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə iştirakçılar universitetin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Konfrans iştirakçıları aprel ayının əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının qarşısını alarkən şəhid olan zabit və əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Qırğızıstan, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, ulu öndər Heydər Əliyev haqqında “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş etdirilib.
Universitetinin rektoru, professor Səbahəddin Balçı bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti var idi. Heydər Əliyev nadir, sayılıb seçilən siyasət adamı idi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, yüksək intellekti onu dünyanın görkəmli siyasətçiləri ilə bir sıraya qoymuşdu.
Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlardan danışıb. Səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Bununla belə, işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Səfir Heydər Əliyevin qırğız xalqına xüsusi diqqət və qayğı ilə yanaşdığını dilə gətirib: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
Mətin Kılıç qeyd edib ki, Heydər Əliyevin Azərbaycanın dirçəldilməsi və inkişafında böyük xidmətləri olub. Heydər Əliyev bütün həyatını xalqına, Vətəninə və dövlətinə xidmətə həsr edib. O, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb və onun hər zaman bütün türk dünyasının qəlbində yaşayacağını deyib.
Universitetinin professorları Yunus Emre Gürbüz “Heydər Əliyev və müstəqil Azərbaycan” və Ceenbek Alımbayev “Heydər Əliyev siyasət adamı kimi” mövzularında məruzələr ediblər.
Sonra “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğızıstanın Əməkdar İnşaatçısı, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov, soydaşımız Rəhim Rəhimov və başqaları Heydər Əliyevi fenomen bir şəxsiyyət kimi xarakterizə edib, onun türk dünyası qarşısındakı xidmətlərindən danışıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd