ELM VƏ TƏHSİL
“Bizim sevimli dostlarımız” fotomüsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
Bakı, 19 aprel, AZƏRTAC
Ümumi təhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi davam edir. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə mayın 5-dək keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.
Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir. Birinci mərhələ aprelin 25-dək olacaq. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat [email protected] ünvanına göndərilməlidir. Aprelin 25-dən 29-dək keçiriləcək ikinci mərhələdə qaliblər müəyyən ediləcək. Üçüncü mərhələ mayın 5-də olacaq. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
Müsabiqə üçün fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu). Məktəbli (dərnək üzvü) fotoşəkilləri ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkə bilər. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir. Fotolar telefon, planşet və ya fotokamera ilə aydın və keyfiyyətli çəkilməli, həcmi 3-4 mb-dan az olmamalıdır. Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 iş təqdim etməlidir. Fotolar və iştirakçı haqqında məlumat (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin [email protected] elektron ünvanına göndərilməlidir.
Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.