BMT-NİN ALİ KOMİSSARI AZƏRBAYCANDA GÖRÜLƏN İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Ölkəmizdə insan hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının etibarlı təmin edilməsindən danışan nazir müavini ölkə Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən məhkəmə sisteminin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər, ədliyyə fəaliyyəti və bu sahədə aparılan islahatlar, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə davamlı əməkdaşlıq haqqında ətraflı məlumat vermişdir.
Cənab Quterreş qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, o cümlədən onların yeni qəsəbələrdə məskunlaşdırılması və hüquqlarının təmin olunması istiqamətində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirmişdir. Eyni zamanda, həmin şəxslərin öz torpaqlarına qayıdışı planının hazırlanması işinin təşkilinin vacibliyini söyləmiş, rəhbərlik etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın bundan sonra da inkişafına əminliyini bildirmişdir.
Ali komissar insan hüquqlarının etibarlı qorunmasına xidmət edən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi sahəsində Azərbaycanda görülən işlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Görüşdə bir sıra məsələlər barədə müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə Ali Komissarlığın Avropa Bürosunun direktoru xanım Pirkko Kourula, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, ölkəmizin İsveçrədəki səfiri Elçin Əmirbəyov və ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak etmişlər.
Görüşdən sonra qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.