CƏMİYYƏT
BMT-nin Miqrasiya üzrə Şəbəkəsi növbəti koordinasiya iclasını keçirib
Bakı, 25 noyabr, AZƏRTAC
BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi quruma üzv olan agentliklərin, beynəlxalq təşkilatların, hökumət, vətəndaş cəmiyyəti nümayəndələrinin, akademik dairələrin və özəl sektorun iştirakı ilə növbəti əlaqələndirmə görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Şəbəkənin həmsədrləri - BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nın rəisi Vüsal Hüseynov çıxışlarında Şəbəkə daxilində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Vüsal Hüseynov qeyd edib ki, bu qədər təcrübəli təşkilatları birləşdirən Şəbəkə öz fəaliyyəti ilə seçilməlidir.
Xanım Vladanka Andreyeva miqrasiya fenomeninə diqqət çəkərək vurğulayıb ki, miqrasiya BMT-nin “2030 - Davamlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsində və dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədinin hədəflərinə nail olmaqda mühüm əhəmiyyət daşıyır.
Sonra iştirakçılara BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin 2021-2025-ci illər üçün İnkişaf Planının nəzərdən keçirilməsi prosesi və mayın 31-də Şəbəkənin katibliyi tərəfindən əvvəlki iclasda üzvlərə təqdim olunmuş tərəfdaşların rəyləri barədə məlumat verilib.
İclasda, həmçinin BMqT-nin baş ofisinin nümayəndəsi Culian Pfaefflin Miqrasiya üzrə Qlobal Sazişin tətbiqi üzrə Qlobal İcmal öncəsi “Beynəlxalq Miqrasiya Baxış Forumu 2022” haqqında, eləcə də “Birgə təşəbbüslər üçün vahid fond kimi miqrasiya fondu (M-MPTF), Azərbaycanda və regional kontekstdə fonddan faydalanmaq üçün irəliyə doğru addımlar” mövzusunda təqdimatlar nümayiş etdirilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov görüşün əhəmiyyətini vurğulayaraq, İnkişaf Planının reallığa çevrilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.
Tədbirin həmsədri Vladimir Qyorqiyev BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin əsas məqsədinin Miqrasiya üzrə Qlobal Sazişin həyata keçirilməsində Azərbaycana dəstək vermək üçün BMT-nin səylərini birləşdirmək olduğunu vurğulayıb. V.Qyorqiyev, həmçinin bildirib ki, səmərəli əməkdaşlıq üçün fəaliyyətlər prioritetləşdirilməli və daha geniş ünsiyyət qurulmalıdır.
Sonda Şəbəkənin fəaliyyətində iştirak edən və bu quruma maraq göstərən BMT-nin agentlikləri, Avropa İttifaqının nümayəndəliyi, Avropa Şurasına, Almaniya səfirliyinə, Dövlət Miqrasiya Xidmətinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Ombudsman Aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, vətəndaş cəmiyyəti təşkilatlarına, Xəzər Universitetinə və BP-nin təmsilçilərinə minnətdarlıq ifadə olunub.