BMT-NİN UŞAQ FONDU AZƏRBAYCANLA ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİNDƏ MARAQLIDIRLAR
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov təşkilatın ölkəmizdəki fəaliyyətindən razı qaldığını vurğuladı. Milli Məclisin sədri dedi ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirir. Bu sahədə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Parlament uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul etmiş, ölkəmizin beynəlxalq konvensiyalara qoşulmasına razılıq vermişdir. Azərbaycan bütün beynəlxalq təşkilatlar, eləcə də, BMT və onun əlaqədar qurumları ilə əməkdaşlıqda maraqlıdır.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu problemdən ən çox uşaqların əzab çəkmələri barədə qonağa ətraflı məlumat vermişdir.
Sonda Murtuz Ələsgərov Akif Saatçıoğluna bundan sonrakı fəaliyyətində ugurlar arzuladı.
Buradakı fəaliyyəti dövründə ölkəmizdə gedən proseslərdən, xüsusən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərdən razılığını vurğulayan Akif Saatçıoğlu demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər digər ölkələrə nümunə olmuşdur. BMT-nin Uşaq Fondu, eləcə də onun digər qurumları sizin ölkənizlə əməkdaşlığın genişlənməsində maraqlıdır. Fondun Azərbaycan nümayəndəliyi uşaq hüquqları, Azərbaycanda bu sahədə görülən işlər, atılan uğurlu addımlar ilə bağlı kitab çap etmişdir və bu kitabda çox şey öz əksini tapmışdır. Kitab ingilis dilinə tərcümə olunaraq dünya ölkələrinə paylanacaq. Ümid edirəm ki, tutduğunuz siyasi kursu bundan sonra da uğurla davam etdirəcəksiniz.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.