BMT QUANTANAMO BAZASINDAKI HƏBSXANANI BAĞLAMAĞI TƏLƏB EDİR
BMT-nin İnsan hüquqları komissiyasının hesabatında ABŞ hökumətindən Quantanamonun 520 məhbusunun məhkəməsinə başlamaq və ya onları buraxmaq barədə tələb irəli sürülür. Vaşinqtonu işgəncələrə bərabər tutulan bütün əməlləri dayandırmağa çağırırlar. Komissiyanın fikrincə, aclıq elan edən məhbusların zorakılıqla yedizdirilməsi belə əməllərdəndir.
Hesabata görə, Buş hökuməti Quantanamoda işgəncələr barədə hər bir məlumatın ABŞ məhkəmələrində araşdırılacağına, müqəssirlərin - hətta ən yüksək rütbəlilərin - isə cəzalandırılacağına təminat verməlidir.
ABŞ nümayəndələri buna soyuq münasibət göstərmişlər. Onlardan biri demişdir: “Hesabat bu gün BMT-də nəyin düzgün olmadığını göstərir. Quantanamoda vəziyyətin ciddi təhqiqini aparmaq əvəzinə, onlar artıq azadlığa buraxılmış məhbusların vəkilləri tərəfindən yayılan bir qalaq köhnə ittihamlar yığmışlar. Üstəlik, ittihamlar o dərəcədə ümumiləşdirilib ki, əslində, söhbətin nədən getdiyi aydın deyildir. Belə qeyri-peşəkar, kobud iş BMT-ni nüfuzdan salır”.
O ki qaldı aclıq elan edən məhbusların zorakılıqla yedizdirilməsinə, ABŞ nümayəndələrinin fikrincə, bu, işgəncə deyildir. Rəsmi şəxslərin sözlərinə görə, məhbusların həyatını qorumaq rəhbərliyin borcudur.