ELM VƏ TƏHSİL
BMU-da radiotexnika və telekommunikasiya mühəndisliyi üzrə güclü baza yaradılıb
Xırdalan, 8 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) müasir dünyada tələb olunan radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə kadrların hazırlığı aparılır. İqtisadiyyatın hər bir sahəsinin uğurlu inkişafının çevik informasiya ilə sıx bağlılıq təşkil etdiyi günümüzün reallığıdır və bu sahə üzrə mütəxəssislərə olan tələbat getdikcə artmaqdadır.
BMU-dan AZƏRTAC-a bildirilib ki, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr naqilli, habelə naqilsiz informasiya veriliş sistemləri üzrə mütəxəssis olaraq yetişirlər. Bu ixtisası bitirən məzunlar dövlət və özəl rabitə müəssisələrində, mobil rabitə operatorlarının şəbəkələrində, eləcə də korporativ rabitə şəbəkələri olan banklarda, şirkət və əlaqəli müəssisələrdə çalışa bilirlər.
BMU-da bu ixtisas üzrə peşəkar kadr hazırlığı üçün maddi-texniki bazası zəngin elektrotexnika, elektronika, mikroprosessor texnikası, mobil rabitə, optik veriliş sistemləri və müasir proqram təminatı ilə təchiz olunmuş kompüter laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda tələbələr müasir telekommunikasiya və radiotexnika avadanlıqlarına aid texnoloji biliklər və gərəkli təcrübələr əldə edirlər.