Boksçumuz Məhəmməd Abdullayev III Avropa Oyunlarında ilk döyüşünü qələbə ilə başa vurub
Novı Tarq, 25 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 92 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb.
Döyüşdə ilk raundu rəqib qazansa da, M.Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
O, səkkizdəbir finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Bu gün M.Abdullayevdən əvvəl Sərxan Əliyev (71 kq) də səkkizdəbir finala vəsiqə qazanıb.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.