Boksçumuz Sərxan Əliyev III Avropa Oyunlarına qələbə ilə başlayıb
Novı Tarq, 25 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində gücünü sınayan yığmamızın üzvü 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib.
Döyüş S.Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.
O, səkkizdəbir finalda gürcüstanlı Əsgərxan Madiyev ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Bu gün daha bir boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.