Bolqarıstanda yeni hökumət formalaşıb
Sofiya, 8 may, AZƏRTAC
Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” partiyasının lideri Rumen Radevi ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.
AZƏRTAC Rumıniya və Balkan mediasına istinadla xəbər verir ki, parlamentdə keçirilən səsvermədə onun namizədliyini deputatlardan 124-ü dəstəkləyib, 70-i əleyhinə çıxıb, 36-sı bitərəf qalıb.
Səsvermədən sonra yeni hökumətin tərkibi də təsdiqlənib. İvan Demerdzhiev daxili işlər naziri, Dimitar Stoyanov müdafiə naziri, Velislava Petrova-Çamova isə xarici işlər naziri vəzifəsinə gətirilib. Nazirlər Kabinetinin üzvləri parlamentdə and içiblər.
Bolqarıstan 2026-cı ilin əvvəlindən etibarən müvəqqəti hökumətlə idarə olunurdu. Bu vəziyyət keçmiş Baş nazir Rosen Jelyazkovun istefasından sonra yaranıb. Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Rumen Radevin rəhbərlik etdiyi siyasi qüvvə 44,5 faiz səs toplayaraq parlamentdə 240 yerdən 131-ni qazanıb.
Balkan regionu üzrə ekspertlərin fikrincə, yeni hökumətin əsas çağırışları iqtisadi sabitliyin bərpası, korrupsiya ilə mübarizə və Avropa İttifaqı ilə münasibətlərin balanslaşdırılması olacaq. Analitiklər hesab edirlər ki, Sofiyanın enerji təhlükəsizliyi və Qara dəniz regionundakı geosiyasi proseslərə yanaşması yaxın aylarda region ölkələri üçün də mühüm əhəmiyyət daşıyacaq.
Qeyd olunur ki, Rumen Radev 2017-ci ildən Bolqarıstan Prezidenti kimi fəaliyyət göstərib və 2026-cı ilin yanvarında iqtisadi siyasətə və korrupsiya problemlərinə qarşı keçirilən kütləvi etirazlar fonunda vəzifəsini tərk edib. Bolqarıstan Konstitusiyasına əsasən onun üçüncü dəfə prezident seçkisində iştirak etmək hüququ olmayıb.