BOLQARISTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənmişdir.
Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev qəbulda çıxış edərək, ölkəsinin Avratlantika strukturlarına inteqrasiyasından danışmış, Bolqarıstanın NATO-ya tamhüquqlu üzvlüyünün milli təhlükəsizliyə zəmin yaratdığını bildirmişdir.
Diplomat son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında əlaqələrin gündən-günə genişlənməsindən məmnunluğunu bildirərək demişdir ki, 2004-cü ildə Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana və 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərləri zamanı aparılan danışıqlarda, habelə müxtəlif səviyyədəki görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini söyləyən diplomat Azərbaycan və Bolqarıstanın Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına öz töhfələrini verdiyini vurğulamışdır.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək, əlamətdar gün münasibətilə bütün Bolqarıstan xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. O demişdir ki, son illər dövlətlərimiz arasında imzalanmış mühüm sənədlər iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci ildə, Prezident İlham Əliyevin 2005-ci ildə Bolqarıstana, 1999-cu və 2004-cü illərdə isə Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfərləri ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deməyə əsas verir. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlər qurduğu ilk ölkələrdən biri də Bolqarıstan olmuşdur.
Z.Əsgərov ölkəmizdə Bolqarıstanın Avratlantika strukturlarına inteqrasiya prosesinin maraqla izləndiyini, uğurlarının alqışlandığını diqqətə çaprdırmışdır.
Rəsmi qəbulda Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri və digər rəsmi şəxslər, mətbuatın və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.