BORİS OLEYNİK: HEYDƏR ƏLİYEV ƏN LAYİQLİ DAVAMÇISINI QOYUB GETMİŞDİR
Boris Oleynik xalqımızla mənən bağlıdır, Azərbaycanı sevir və ümummilli liderimiz Heydər Əliyevlə şəxsən tanış olmasından qürur hissi duyur.
AZƏRTAC-ın Kiyev müxbiri Boris Oleyniklə görüşmüş və ondan Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya bu yaxınlardakı dövlət səfəri barədə fikirlərini bölüşməyi xahiş etmişdir. Boris İlyiç demişdir:
-Prezidentinizin Ukraynaya səfəri sanki bir göz qırpımında keçdi. Azərbaycan tərəfinin bu səfərə yüksək səviyyədə hazırlaşması bizi də buna vadar etmişdi. İlham Heydəroviçin ukraynalıların ona göstərdikləri mehribanlığı, qonaqpərvərliyi və dərin hörməti sırf protokol qaydaları çərçivəsində deyil, ürəkdən gələn səmimiyyətlə, bir insan kimi hiss etməsini görmək çox xoş idi. Onun simasında biz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin qırılmaz dostluq əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə yönəldilmiş siyasətinin davamçısını gördük.
Mən Prezident İlham Əliyevlə görüşdə iştirak etmişəm. Ali Radanın sədri Vladimir Litvinin, deputat korpusu nümayəndələrinin iştirak etdikləri bu görüş bizə xoş, unudulmaz təsir bağışladı. Əbədiyyətə qovuşsa da, qədirbilən Azərbaycan xalqının xatirəsində daim yaşayacaq Heydər Əliyev özünün quruculuq siyasətinin və cahanşümul fəaliyyətinin olduqca layiqli davamçısını qoyub getmişdir.