Bostonda Azərbaycanın strateji əhəmiyyəti müzakirə edilib
Vaşinqton, 5 fevral, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti bu ölkənin əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, səfər zamanı səfir Elin Süleymanovun Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya hazırlayan biznes inkubatorlarının nümayəndələri ilə keçirilmiş görüşlərində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların yaratdığı imkanlar, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın əsas sektorlarının və yüksək texnologiyaların daha da inkişafı məsələləri müzakirə edilib.
Bundan əlavə, E.Süleymanov Tafts Universiteti və Massaçusets Texnologiya İnstitutunda qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıb, bu qurumlarla ölkəmizin təhsil müəssisələri arasında mümkün tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində, həmçinin Massaçusetsin azərbaycanlı və yəhudi icması ilə görüşlər də keçirilib.
Bundan başqa, Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı Xarici Əlaqələr üzrə Boston Şurası və “WorldBoston”un birgə təşkilatçılığı ilə eksklüziv “Union Club”da konfrans keçirilib.
Konfransda səfir E.Süleymanov “Azərbaycan Avrasiyanın Strateji Kəsişməsində” mövzusunda çıxış edib. 150-dən çox biznes, akademik, yerli siyasi-ictimai dairələrin nümayəndələrinin iştirak etdiyi konfransda diplomat ölkəmizin uğurla apardığı regional siyasət, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın dəstəyi, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, ölkə daxilində aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı, habelə ölkəmizin 20 faiz torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasının yaratdığı təhlükəsizlik problemləri və Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin hazırkı vəziyyətindən bəhs edib.
Qeyd edək ki, Massaçusets erməni diasporunun ən fəal olduğu ştatlardan biridir. Tədbirə qatılan bir sıra erməni icmasının üzvləri digər iştirakçılarla yanaşı, səfir Süleymanova suallar verib. Öz cavabında Azərbaycan diplomatı münaqişə nəticəsində Ermənistanın bütün iri regional layihələrindən kənarda qaldığını, müstəqil siyasət aparmaq qabiliyyətini itirdiyini xatırladıb, ABŞ-dakı erməni diasporunu öz ideoloji çərçivələrindən çıxıb geniş mənzərəyə nəzər salmağa çağırıb, Ermənistanın gələcəyini və onun regionda yerini düşünməyi tövsiyə edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton