BÖYÜK BRİTANİYANIN İŞ ADAMLARI QƏRB BÖLGƏSİNDƏ İŞGÜZAR GÖRÜŞLƏR KEÇİRMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən, əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyindən danışılmışdır. Qonaqlar “Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində, “Fatoğlu” un məmulatı kombinatında, “Elba” ət məhsulları müəssisəsində olmuş, istehsal sahələrini gəzərək yerli sahibkarlarla söhbətlər aparmışlar.
Sonra ingiltərəli qonaqlar regionun 29 rayonunda fəaliyyət göstərən fermer təsərrüfatları ilə iş birliyi qurmuş Gəncə Biznes Qrupunda işgüzar görüş keçirmişlər. Görüşdə qrupun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verilmişdir. Respublikamıza səfərindən razı qalan Azərbaycan-Böyük Britaniya Ticarət və Sənaye Şurasının həmsədri Ken Forrest çıxış edərək kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün respublikamızda geniş imkanlar olduğunu vurğulamışdır.
Görüşdən sonra ingiltərəli qonaqlar Tovuz rayonuna yola düşmüşlər.