SİYASƏT
Böyük Qayıdış – layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır
Bakı, 24 dekabr, AZƏRTAC
Çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq yeni reallıqlar yaratdı. Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda dekabrın 24-də keçirilən konfransda səsləndirib.
O bildirib ki, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır.
"Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulub və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır. Tərəfdaşlıq zəminində ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin müasir konsepsiyalar əsasında qurulması, nəhəng infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və digər addımlar Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır", - deyə T.Budaqov qeyd edib.