Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası labüddür

Bakı, 24 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz və qalib xalqımız Vətən müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra dövlətimizin qarşısında dayanan növbəti prioritet istiqamət işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlıdır. Bu strateji məqsədin reallaşdırılması üçün siyasi iradə, iqtisadi potensial, maliyyə resursları, kadr imkanları və beynəlxalq tərəfdaşların mövcudluğu xüsusi məna və əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin imzaladığı iki mühüm sərəncam - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (2021-ci il, 2 fevral) və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (2022, 22 iyul) əsasında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı mühüm hüquqi baza yaradılıb. Sözügedən sənədlərdən irəli gələrək Prezident İlham Əliyev bu il noyabrın 16-da imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
O bildirib ki, Dövlət Proqramının əhatə dairəsinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları daxildir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Müəyyən edilmiş bu strateji Milli Prioritetin icrası ilə bağlı institusional mexanizmlər daha erkən qurulub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb.
Birinci Dövlət Proqramı üzrə aşağıdakı məqsədlər nəzərdə tutulub: I. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; II. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; III. Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; IV. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; V. Əhalinin məşğulluq imkanlarını artırmaq; VI. 8 Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək; VII. Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək; VIII. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək; IX. Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq; X. Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək; XI. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək; XII. Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq; XIII. Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək; XIV. Təbii resurslardan səmərəli və effektiv istifadə etmək; XV. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2026-cı ilədək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Tədbirlər Planına əsasən, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 min 500 mənzilin və fərdi yaşayış evinin inşası planlaşdırılır.
Birinci Dövlət Proqramının icrası 2026-cı ildə başa çatmalıdır. Nəticədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının siması büsbütün dəyişəcək, növbəti Dövlət proqramlarının həyata keçirilməsi üçün nadir imkanlar yaranacaq. Hər iki yenidən qurulmuş iqtisadi rayon Azərbaycanın nəhəng iqtisadi gücünün mühüm göstəricisinə, onun “vizit kartı”na çevriləcək.