Britaniyada xərçəngin yeni müalicəsi bir neçə həftə ərzində beyin şişini yarıya endirib
London, 29 oktyabr, AZƏRTAC
Ölümcül beyin şişini yarıya endirən yeni radioaktiv terapiya, elm adamlarının ümid etdiyi kimi, xərçəng müalicəsində irəliləyiş ola bilər.
AZƏRTAC xəbər verir ki, 62 yaşlı mühəndis Pol Rid ötən ilin dekabrında güclü baş ağrısından şikayətlənib. Həkimlər onun beynində böyük bir kütlə tapdıqdan sonra ona, əksər hallarda 18 ay ərzində xəstələri öldürən qlioblastoma diaqnozu qoyulub.
Dekabrın 27-də əməliyyat, ardından isə radioterapiya və kimyaterapiya kursları keçməsinə baxmayaraq, iyul ayında şişin yenidən böyüdüyü məlum olub. O, daha sonra London Universitet Kolleci nəzdindəki UCLH qurumu tərəfindən aparılan və xəstəliyi müalicə etməyi hədəfləyən klinik sınaqda iştirak edən ilk pasiyent olmaq şansı qazanıb.
“CITADEL-123” sınağında cərrahlar şişi mümkün qədər çox çıxardıqdan sonra baş dərisinin altına Ommaya rezervuarı adlı kiçik tibbi cihaz yerləşdirirlər. Bu cihaz kiçik bir boru vasitəsilə şişə birləşdirilir. Həkimlər daha sonra “ATT001” dərmanını birbaşa şişə inyeksiya edir. Bu dərman hüceyrələrdə DNT zədələnməsinin bərpa olunmasına kömək edir və kiçik miqdarda radioaktivlik verir. Həftədə bir dəfə, dörd-altı həftə ərzində tətbiq edilən dərman şiş hüceyrələrini məhv edir, lakin sağlam toxumaya təsir göstərmir. Müalicəyə başladığından bəri Pol Ridin şişi cəmi bir neçə həftə ərzində yarıya qədər kiçilib. “Bu sınaq mənim üçün bir xilasdır, çünki məlumatlara görə, sağ qalma ehtimalım bir il və ya daha az idi”, - deyə o bildirib.
Dr. Pol Mulholland bu sınağın insan üzərində ilk dəfə həyata keçirildiyini qeyd edərək, araşdırmaya ehtiyatlı yanaşdıqlarını və yalnız altı həftə müalicə etdiklərini vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
London