Britaniyanın East Anglia Universitetində Xocalı faciəsi ilə bağlı tədbir keçirilib
London, 4 mart, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə East Anglia universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən tədbir keçirilib.
Tədbirdə müxtəlif universitetlərdən tələbələrlə yanaşı, universitetin müəllim heyəti iştirak edib.
Tədbri çərçivəsində soyqırımını əks etdirən fotolar nümayiş etdirilib, qətliam haqqında kitab və broşürlər paylanılıb.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Cəmiyyətinin sədri Vüqar Bəbirli Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Təqdimatla çıxış edən azərbaycanlı tələbə Ayxan Camalov Dağlıq Qarabağ münaqişəsini və Xocalı hadisələrini ətraflı təhlil edib.
Sonda “Müharibə uşaqları” adlı sənədli film nümayiş etdirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London