Brüsseldə Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Brüssel, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirdə Belçikanın dövlət qurumlarının təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimai, mədəni, işgüzar dairələrin, diaspor təşkilatlarının fəalları, jurnalistlər, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin nümayəndələri, Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir sıra çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Bütün bunlara baxmayaraq, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib, regionun enerji və nəqliyyat təhlükəsizliyini təmin edən bir sıra mühüm layihələrin təşəbbüskarı və birbaşa iştirakçısıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel