BŞTİ: Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində 63 layihə qalib olub
Bakı, 1 avqust, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində paytaxt üzrə 63 layihə qalib olub. Onlardan 26-sı ümumi təhsil müəssisələri kateqoriyası, 37-si isə fərdi kateqoriya üzrə fərqlənib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət ediləcəklər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.