Bu həftə Estoniyaya Avropanın dörd ölkəsindən məhdudiyyətsiz səfər etmək olar
Tallin, 24 mart, AZƏRTAC
Bu həftə ərzində İslandiyadan, İrlandiyadan, İspaniyadan və Portuqaliyadan gələn sərnişinlərə özünütəcrid rejiminə riayət etmədən və ya COVID-19 testindən keçmədən Estoniyaya səfər etməyə icazə verilib.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, ötən həftə ilə müqayisədə bu həftə Norveç, Danimarka və Almaniyada COVID-19-a yoluxma səviyyəsi artdığı üçün məhdudiyyətlər tətbiq olunan ölkələr siyahısına daxil edilib.
Bildirilib ki, müəyyən edilmiş qaydalara əsasən, son 14 gün ərzində koronavirusa yoluxma üzrə ümumi orta göstəricinin 100 min nəfər əhaliyə 150 haldan az təşkil etdiyi ölkələrdən Estoniyaya gəlmək mümkündür. Digər Avropa ölkələrindən Estoniyaya gələrkən 10 günlük özünütəcrid tələbi qüvvədədir. Bir həftə ərzində iki dəfə COVID-19 testindən keçməklə özünütəcrid müddətini azaltmaq mümkündür.
Qeyd edilib ki, Estoniya ərazisinə daxil olmamışdan 72 saat əvvəl və ya birbaşa Estoniyada COVID-19 üzrə verilmiş testin nəticəsi mənfi olduğu təqdirdə Latviya, Litva və Finlandiyadan gələn sərnişinlər üçün istisnalar nəzərdə tutulub.
Estoniyaya giriş Avropa Birliyində razılaşdırılmış siyahıya daxil edilən üçüncü ölkələrdən də icazə verilir. Bu siyahıya hazırda Avstraliya, Cənubi Koreya, Sinqapur, Tailand, Ruanda və Yeni Zellandiya daxildir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin