Bu il ictimai nəqliyyatda sərnişin daşımalarının həcmi 13 faiz artıb
Bakı, 30 dekabr, AZƏRTAC
2022-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində bütün çətinliklərə baxmayaraq ictimai nəqliyyata etimad artaraq daşımaların həcmi 13 faiz çoxalıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli feysbuk səhifəsində yazıb.
“Bu il xidmət keyfiyyətinin artırılması məqsədilə 255 yeni avtobus sərnişinlərin istifadəsinə verilib, parkın yenilənməsi 61 faizə çatıb. Yeni 8 marşrut xətti nəticəsində daha 30.000-ə yaxın vətəndaşımızın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. Sektorda şəffaflaşma tədbirləri davam edib və nağdsız səyahətlərin sayı 61 faizə çatıb. Gündəlik orta hesabla 1.100.000 sərnişin nağdsız ödəniş sistemindən istifadə edir”, - deyə Vüsal Kərimli vurğulayıb.