“BUTA” İNCƏSƏNƏT MƏRKƏZİ RUSİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİ TƏBLİĞ EDİR
Hazırda “Buta” mərkəzi Vaqif Mustafazadə adına böyük caz festivalı və Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin xatirə gecəsini təşkil edir. Azərbaycan rəssamlığına həsr olunmuş kitab, ölkənin müasir həyatı barədə fotoalbomlar və kitablar nəşrə hazırlanır. Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş böyük konsertin kompakt-diski və DVD versiyası buraxılacaqdır.
Nəsib Piriyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, buta türk ornamentinin əsas elementlərindən biridir. Onun bir neçə izahı var – açılmamış qönçə, alov, məhsuldarlıq rəmzi. Bizim üçün xalq ornamentinin bu kiçik cizgisində Vətənimizin bütün gözəllikləri, mədəni potensialı, ənənələri – yığcamlıq, forma incəliyi, məzmun bütovlüyü birləşmişdir. Azərbaycan torpağı dövrümüzədək qorunub saxlanmış qədim və zəngin ənənələr diyarıdır. Azərbaycanın müasir incəsənəti xalqımıza xas yüksək mədəni və mənəvi dəyərlərin layiqli davamçısıdır. Azərbaycan və Rusiya mədəniyyətləri xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına kömək edərək, qarşılıqlı surətdə zənginləşmişdir. Zaman keçir, lakin bir-birimizə maraq azalmır və bu gün biz “incəsənətə sərhəd yoxdur” kimi adi həqiqətlərdən birini özümüzə və başqalarına sübut etməliyik.
N.Piriyev bildirmişdir ki, mərkəz YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu kimi təşkilatların fəaliyətini yüksək qiymətləndirir. Azərbaycan Mədəniyyətinin Dostları Fondu uşaqlara yaxından kömək edir, qədim ənənələrin, incəsənət növlərinin qorunması və təbliği, kitab nəşri sahəsində fəaliyyət göstərir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Mehriban xanımın fəaliyyəti və əzmkarlığı bizi milli ənənələrin, incəsənətimizin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanın hüdudlarından kənarda təbliği sahəsində həvəslə çalışmağa ruhlandırır və bu nəcib işə öz töhfəmizi verməyə səy göstəririk.