ELM VƏ TƏHSİL
Cari tədris ili ADU-da böyük nailiyyətlərlə yadda qalıb
![Cari tədris ili ADU-da böyük nailiyyətlərlə yadda qalıb](/files/2021/2/1200x630/1625665142141645147_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Elmi şuranın növbəti onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, iclasda çıxış edən universitetin rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında danışıb, tədris ilinin ADU-da böyük nailiyyətlərlə yadda qaldığını vurğulayıb. Bildirib ki, universitetin strateji planı hazırlanıb, kitabxananın fəaliyyəti təkmilləşdirilib, elmi və beynəlxalq istiqamətdə vacib addımlar atılıb. Vətən müharibəsi dövründə ADU kollektivi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox vacib işlər görüb. Vətən müharibəsi zamanı universitetdə İnformasiya Qərargahı yaradılıb, erməni təxribatları haqqında 4610 məktub 22 dildə 104 ölkəyə göndərilib. Norveç, Fransa, Çin, Mərakeş, Qazaxıstan, İngiltərə və başqa ölkələrin müxtəlif qurumlarından cavab məktubları alınıb.
Kamal Abdulla elmi istiqamətdə həyata keçirilən tədbirlər haqqında da danışıb. “ADU-nun layihəsi olan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının birinci cildi hazırdır. Kitabın hazırlanmasında laboratoriyalar, mərkəzlər və kafedralar birgə iştirak ediblər. İnanıram ki, bu layihə dövlətimiz və ictimaiyyət tərəfindən layiqincə qiymətləndiriləcək. Bundan başqa, universitetimizdə Pakistan dil və mədəniyyət mərkəzinin açılışı planlaşdırılır. Eyni zamanda, İslamabadda Azərbaycan dil və mədəniyyət mərkəzi fəaliyyətə başlayacaq”, - deyə rektor qeyd edib.
Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova məlumat verib ki, universitetdə müxtəlif ixtisaslar üzrə 93 tələbə onlayn qaydada diplom işi müdafiə edərək Yekun Dövlət Buraxılış Attestasiyasından uğurla keçib. Ümumilikdə 1110 tələbədən 93 nəfəri diplom işi müdafiə edib, 1017 nəfəri ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən attestasiyadan keçib. Dövlət Attestasiya komissiyaları işini müvəffəqiyyətlə yekunlaşdırıb.
Pedaqogika kafedrasının müdiri Nigar Zeynalova bildirib ki, hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təlim-tərbiyə prosesinin təşkili ölkəmizdə prioritet istiqamətə çevrilib. Azərbaycan Dillər Universiteti inklüziv təhsillə bağlı görülən işlərə həssaslıqla yanaşır. Artıq ADU-da korreksiyaedici təlim ixtisası üzrə kadr hazırlığına start verilib. Təhsil müəssisəsi həmin ixtisas üzrə respublikada fəaliyyət göstərən mütəxəssisləri, ekspertləri fəaliyyətə cəlb edib. Universitetin pedaqoji heyəti son dövrdə ölkə daxilində və xaricində çoxsaylı proqram və təlimlərə qatılıb.
Elmi şurada Pedaqogika kafedrasının nəzdində “İnklüziv təhsil mərkəzi”nin yaradılması haqqında qərar qəbul olunub. Yeni mərkəz proqram üzrə kadr hazırlığını dəstəkləməyə, elmi innovativ yanaşmalar hazırlamağa, onların nəticələrinin tədris prosesində tətbiqinə təminat verəcək.