CƏMİYYƏT
CEPEJ-in iclasında Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış islahatlar haqqında məlumat verilib

Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 4-də və 5-də Fransanın Strasburq şəhərində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 41-ci Plenar iclası keçirilib.
Bu barədə Bakı Apellyasiya Məhkəməsindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycanı Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov təmsil edib.
İclasın gündəliyində süni intellektin tətbiqinin ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsinə təsiri və imkanları (Avropa ölkələrinin təcrübəsinə istinadən, konkret misallar göstərilməklə), süni intellekt vasitəsilə məhkəmə qərarlarının anonimləşdirilməsi, mübahisələrin məhkəmədən kənar alternativ həlli, o cümlədən onlayn mediasiya, hakimlərin iş keyfiyyəti əmsallarının artırılmasının praktiki yolları və ümumən müasir çağırışlara uyğun məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından prioritet kimi görünən məsələlər daxil edilib.
Plenar iclasda ayrı-ayrı mövzular üzrə CEPEJ-in işçi qruplarının, habelə “Ədalət mühakiməsinin kristal tərəzisi” (“Crystal scale of justice”) mükafatının nominantlarının təqdimatları dinlənilib.
Bu ilin iyunundan etibarən üzv dövlətlərdə məhkəmə-hüquq sahəsində yer almış diqqətəlayiq islahatlara həsr edilmiş sessiya zamanı Mübariz Əkbərov çıxış edərək Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış son institusional və qanunvericilik islahatları haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, məhkəmə hakimiyyətinin institusional müstəqilliyinin artırılması məqsədilə “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara mühüm dəyişikliklər edilib. 2023-cü il 9 iyun tarixli yeni qanuna əsasən, Şuranın formalaşdırılması qaydaları beynəlxalq təcrübə, o cümlədən Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) və Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Dövlətlər Qrupunun (GRECO) Azərbaycanla bağlı müvafiq tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilib.
Bu dəyişikliklərə əsasən, hakimlərin konfransında açıq səsvermə yolu ilə Şuranın yeni tərkibinin formalaşdırıldığı bildirilib.
Çıxış zamanı vurğulanıb ki, bu dəyişikliklərlə yanaşı, CEPEJ-in hesabatına əsasən əhalinin hər 100 min nəfərinə hakimlərin nisbətini artırmaq üçün hakimlərin seçim prosedurları sadələşdirilib və bu yaxınlarda (2023-cü ilin oktyabrı) yüksək faizlə (təxminən 53 faiz) qadınların olduğu 32 yeni hakimin təyinatı edilib. Bu prosesin davam etdiyini və bir neçə aydan sonra hakimlərin yeni təyinatının gözlənildiyi də qeyd olunub.
Dünya Bankı ilə sıx əməkdaşlıqda, süni İntellekt və biznes İntellektinin ədalət mühakiməsi və ictimai hüquqi xidmətlərin göstərilməsi prosesində tətbiqi üzrə xidmətlər göstərmək üçün məsləhətçi seçimi ilə bağlı tender prosedurlarına başlanılması haqqında məlumat verilib.
Məhkəmə islahatları ilə paralel olaraq, icra sistemində də aparılan islahatlarla bağlı qeyd edilib ki, Dünya Bankı və Məhkəmə İcraçılarının Beynəlxalq İttifaqı ilə sıx əməkdaşlıq edərək Azərbaycanda müsbət beynəlxalq təcrübəyə əsaslanan özəl icra sisteminin yaradılması ilə bağlı məsləhətləşmələr aparılır.
Həmçinin italiyalı həmkarlarla birlikdə “Mediasiya haqqında” Qanunun tətbiqinin qiymətləndirilməsi prosesinin həyata keçirildiyi, bu qiymətləndirmə əsasında Azərbaycanda mediasiya sisteminin modernləşdirilməsi sahəsində Avropa Şurası ilə növbəti layihəyə başlanılmasının nəzərdə tutulduğu bildirilib.
Plenar iclasın gündəliyi 2024-cü ilin tədbirlər planının müzakirəsi ilə yekunlaşıb.