Ceyrançöldə salınmış superintensiv və intensiv meyvə bağlarından bol məhsul götürülüb - FOTO VİDEO






























Ağstafa, 16 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Bölgələrdə müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların malik olduğu potensialdan da düzgün istifadə mexanizmlərini üzə çıxarır. Belə müasir meyvəçilik təsərrüfatlarından biri də Ağstafa rayonunun Ceyrançöl ərazisində 135 hektar sahədə salınmış superintensiv və intensiv meyvə bağlarıdır.
AZƏRTAC xəbər verir ki, hazırda sahələrdən alma yığımı davam edir. 16 hektar sahəni əhatə edən bağdan hər ağacdan 15-20 kiloqram məhsul dərilir. Meyvə bağında alma ilə yanaşı, 10 növdə meyvə ağacları da əkilib ki, bunların da çox hissəsini şaftalı, badam, alma, armud, heyva, üzüm və ərik sahələri təşkil edir. Suvarmanı təmin etmək üçün ərazidə Kür çayından qidalanan süni göl də yaradılıb.
Təsərrüfatın mütəxəssisi Orxan Nəsibovun sözlərinə görə, yığılan meyvənin satışında da hər hansı çətinlik yoxdur: “Təsərrüfatımız 5 ildir ki, fəaliyyət göstərir. Sahədən hazırda bol məhsul götürürük. Daxili və xarici bazarlara çıxışımız var. Qarşıdakı illərdə istehsal gücümüzü daha da artırmağı düşünürük. Avropa və Asiya ölkələrinə meyvələrimizin ixracını planlaşdırırıq”, - deyə Orxan Nəsibov bildirib.
“Meyvə tingləri əsasən xarici ölkələrdən gətirilib. Onların yerli iqlim şəraitində mövsümi qulluğu təmin olunur. Mütəxəssislər tərəfindən aqrotexniki tədbirləri həyata keçirmək üçün sahədə müxtəlif adda texnikalardan istifadə edilir. Yığımla paralel olaraq alma bağlarında yaşıl budama və budaq bağlama işləri də davam edir. Ümumiyyətlə, bəzi xəstəliklər var ki, onlarla mübarizə aparırıq, dərmanlardan istifadə edirik. Damlamadan da istifadə edirik. Aqrotexniki qulluq hazırda öz qaydasında və vaxtında aparılır. Meyvə bağlarından bol məhsul əldə etmək qarşımızda duran əsas prioritet məsələlərdəndir”, - təsərrüfatın aqronomu Albek Sayidov əlavə edib.
Qeyd edək ki, meyvəçilik təsərrüfatında daimi və mövsümi olmaqla 100 nəfərdən çox işçi heyəti çalışır.