Cəzaçəkmə müəssisələrində narkotiklərin fəsadlarına dair sosial lövhələr quraşdırılıb
Bakı, 11 mart, AZƏRTAC
Antinarkotik təbliğat işinin səmərəliliyinin artırılması məqsədilə cəzaçəkmə müəssisələrində üzərində narkomaniyanın və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatların əks olunduğu 26 ədəd yeni sosial lövhə quraşdırılıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən məlumat verilib.
Bu təşəbbüs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının işçi qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.