DÜNYA
Çad hakimiyyəti ölkə sərhədlərini yenidən açıb
Bakı, 21 aprel, AZƏRTAC
Çad hakimiyyəti aprelin 20-də ölkə Prezidenti İdris Debi İtnonun ölümünün milli televiziya ilə elanından sonra bağladığı sərhədləri yenidən açıb.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, sərhədlərin açılması barədə qərar keçici hərbi şuranın fərmanında əksini tapıb.
“Çadın hava və quru sərhədləri yenidən açıqdır”, - deyə ordunun rəsmi nümayəndəsi polkovnik Azema Bermandoa bildirib.
O, həmçinin ölkədə tətbiq olunan komendant saatının azaldılaraq yerli vaxtla 20:00-dan 05:00-dək davam edəcəyini deyib.
Qiyamçılarla mübarizədə silahlı qüvvələrin əməliyyatına rəhbərlik etmək üçün yollandığı cəbhə xəttində ağır yaralanan Çad Prezidenti İdris Debi aprelin 20-də xəstəxanada vəfat edib. O, aprelin 11-də keçirilən seçkilərdə 79 faizdən çox səs toplayaraq 6-cı müddətə Çadın rəhbəri seçilmişdi.