Çexiyada tornado üç nəfərin ölümünə səbəb olub
Bakı, 25 iyun, AZƏRTAC
Çexiyanın cənub-şərqindəki Cənubi Moraviya bölgəsində yerləşən Breclav və Hodonin şəhərləri yaxınlığında baş verən tornado azı üç nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Çexiya televiziyasına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 300-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
“63 yaralı xəstəxanalara aparıb. Onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb”, - deyə Təcili Tibbi Yardım Xidmətindən bildirilib.
Ölənlər və yaralananların əksəriyyəti tennis topu böyüklüyündə yağan dolu nəticəsində xəsarət alıb. Təbii fəlakət, eyni zamanda 32 min insanı elektriksiz qoyub. Tornado Hodonin şəhəri yaxınlığındakı yeddi kəndə ciddi zərər vurub, bölgəyə böyük maddi ziyan dəyib.
Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edən Çexiyanın Baş naziri Andrey Babiş tornadonu “böyük faciə” adlandırıb. Baş nazir uçuşa imkan verməyən əlverişsiz hava şəraiti səbəbindən respublikaya qayıda bilmədiyini deyib. O, sammitdən dərhal sonra birbaşa Cənubi Moraviya bölgəsinə uçacaq.