Çin-Hindistan sərhədində baş verən toqquşmada azı üç hərbçi ölüb
Bakı, 16 iyun, AZƏRTAC
Ötən gecə Çin-Hindistan sərhədində baş verən toqquşmada Hindistan tərəfdən biri zabit olmaqla 3 hərbçi ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, ölkənin Ladax bölgəsində, Çin ilə sərhəddə baş verən hadisə zamanı ölümlərə hər iki tərəfin hərbçiləri tərəfindən qarşılıqlı şəkildə atılan daş və bərk cisimlər səbəb olub. Hindistan tərəfi Qalvan vadisindəki toqquşmaya Çin Xalq Azadlıq Ordusunun səbəb olduğunu açıqlasa da, hadisənin detalları barədə məlumat verməyib.
Bildirilir ki, insidentdən sonra gərginliyin azaldılması məqsədilə hər iki tərəfin yüksək rütbəli hərbçiləri arasında görüş keçirilib. Bu, ərazi mübahisələri səbəbindən iki ölkə arasında faktiki nəzarət xətti boyunca 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşmadır.
Hindistanın Müdafiə naziri Racnath Sinq ordu rəhbərliyi ilə məsələyə dair təcili toplantı keçirib. Toplantıda ölkənin Xarici İşlər naziri də iştirak edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ənənəvi mətbuat konfransında hind hərbçilərinin sərhəd xəttini iki dəfə keçərək, oradakı Çin heyətinə hücum etməklə təxribata əl atdığını, nəticədə tərəflər arasında fiziki qarşıdurma yarandığını açıqlayıb.
Qeyd edək ki, iki ölkənin faktiki sərhəd xətti boyunca dəfələrlə toqquşmalar olub. Sonuncu dəfə mayın 5-6-da və 9-da baş verən toqquşmalarda hər iki tərəfdən yaralananlar olmuşdu. Hadisədən sonra tərəflər sərhəd zonasına əlavə hərbi kontingent cəmləməklə yanaşı, gərginliyin azaldılması və mübahisələrin danışıqlar yolu ilə nizamlanmasına dair razılığa gəldiklərini açıqlayıblar.
Bu iki nüvə ölkəsi arasında sərhəd mübahisələri 1962-ci ildə lokal müharibəyə də səbəb olub.