Çin ildə 5 milyard doza COVID-19 peyvəndi istehsal edə bilər
Pekin, 22 aprel, AZƏRTAC
Çinin illik COVID-19 peyvəndi istehsal gücü hazırda 5 milyard doza təşkil edir. Buna baxmayaraq, hazırda istehsal həcmi 3 milyard dozadır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin tibb elmləri və texnologiyası mərkəzinin direktoru Cen Convey Haynan adasında keçirilən Asiya Boao Forumunda deyib. O, yeni növ koronavirus yayılmağa başlayandan dərhal sonra Çin hökumətinin virusa qarşı peyvəndin tapılması istiqamətində işləri əlaqələndirmək üçün qərargah yaratdığını bildirib. İndiyədək Çin şirkətləri və alimləri COVID-19 infeksiyasına qarşı 12 vaksin namizədi hazırlayıblar ki, onların bir neçəsi təcili istifadə və kütləvi marketinq üçün təsdiqlənib.
Cen Convey Çində istehsal olunan vaksinlərin bütün ölkələr üçün əlçatan olduğunu, Çin şirkətlərinin cari ilin ikinci yarısında ikitərəfli və çoxtərəfli əsaslarla daha çox miqdarda COVID-19 peyvəndi ixrac edəcəyini açıqlayıb.
Qeyd edək ki, Çinin vaksin istehsalçıları olan “Sinovac”, “Sinopharm” və “CanSino” indiyədək Avropa, Asiya, Afrika və Latın Amerikasından olan təxminən 100 ölkəyə 300 milyondan çox doza COVID-19 peyvəndi göndərib. Bunların müəyyən hissəsi yardım formasında, əsas hissəsi isə kommersiya prinsiplərinə uyğun ixrac edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin