Çin nümayəndəsi: XIII Qlobal Bakı Forumu Azərbaycanın qlobal məsələlərə biganə qalmadığını göstərir
Bakı, 13 mart, AZƏRTAC
Dünyada baş verən gərgin geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənlikdən çıxmaq üçün Çin təkliflər hazırlamağa başlayıb. Bu təkliflər təbii ki, sabitlik və dayanıqlı inkişafı təmin etməkdən ibarətdir. Çin üçün bərabərlik, eyni hüquqa malik olmaq hər şeydən üstündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Haunqbo XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çin üçün bütün dövlətlər eyni hüquqa malikdir, böyük və kiçikliyindən asılı olmayaraq Çinin yanaşması eynidir.
“Bizim dövlət beynəlxalq ictimaiyyət üçün beynəlxalq hüququn və ölkələr arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edən bir sıra təşəbbüslərlə çıxış edir. Bunlardan ən vacibi beynəlxalq hüququn aliliyidir. Biz bu haqda danışarkən BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara əsaslanan hüquq sistemini nəzərdə tuturuq. Düşünürəm ki, dünyada heç bir ölkə cəngəllik qanununa qayıtmaq istəmir. Məhz beynəlxalq qanunlara məhəl qoymamaq, onları aşmaq üçün müxtəlif siyasi manipulyasiyalar etmək münaqişələrə səbəb olur və biz buna qarşıyıq. Azərbaycan beynəlxalq qanunlara hörmətlə yanaşan dövlətdir və bu forumun təşkili, keçirilməsi də onun beynəlxalq proseslərə biganə qalmadığını göstərir”, - deyə V.Haunqbo nəzərə çatdırıb.
Foto: Tofiq Babayev
Video: Vüsal Tağıyev