İDMAN
ÇİN OLİMPİYA OYUNLARINDA TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ XÜSUSİ DİQQƏT YETİRƏCƏK
Son illər, xüsusən, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktlarından sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) dördilliyin ən mötəbər beynəlxalq yarışları olan yay və qış olimpiadalarında təhlükəsizliyin təmin edilməsinə diqqəti artırmışdır və bunu oyunları təşkil edən və keçirən ölkələr qarşısında ən mühüm məsələlərdən biri kimi qoyur. Bu günlərdə BOK 2008-ci ilin yay Olimpiadasını keçirəcək Pekinin hakimiyyət orqanlarından oyunlar zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş etmişdir.
AZƏRTAC-ın Sinxua agentliyinə istinadla verdiyi xəbərə görə, Pekin Olimpiadasının Təşkilat Komitəsi BOK-un xahişini yerinə yetirərək, təhlükəsizlik tədbirlərinə əlavə olaraq 450 milyon dollar ayıracaqdır.
Pekin Olimpiadasının keçirilməsi büdcəsi hələlik məlum deyil və çox güman, uzağı gələn il dəqiqləşdiriləcəkdir. İlkin hesablamalara görə, büdcənin məbləği 1,65 milyard dollar olmalı idi. Lakin sonrakı hesablamalar göstərmişdir ki, yeni idman qurğularının və lazımi infrastrukturun tikintisi də nəzərə alınmaqla, ümumi olimpiya xərcləri 33,8 milyard dollar təşkil edəcəkdir.