Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub
Bakı, 2 iyun, AZƏRTAC
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin başçılığı ilə ölkəmizdə səfərdə olan Çin nümayəndə heyəti iyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.
Qonaqlara muzeyin tarixi barədə məlumat verilərək bildirilib ki, 1895-1897-ci illərdə inşa edilən bu bina Bakının ən gözəl memarlıq incilərindən biridir. Vaxtilə Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin evi olan bu binada 1920-ci ildə muzey yaradılıb. Burada Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən qiymətli eksponatlar toplanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bina əsaslı təmir edilərək əvvəlki görkəminə qaytarılıb, 2007-ci ilin dekabrında paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının üzünə açılıb. Bərpa və yenidənqurma işlərini yerli və italiyalı mütəxəssislər aparıblar.
Qonaqlara Böyük İpək Yolu dövrünə aid eksponatlar, Azərbaycan ərazisində tapılan və Çinə aidiyyəti olan məişət əşyaları haqqında ətraflı məlumat verilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, hazırda 300 mindən çox eksponatı olan muzeydə xalqımızın böyük şəxsiyyətlərindən bir çoxunun təhsil almasına kömək etmiş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən söhbət açan fotoşəkillər, tarixi sənədlər, qiymətli əşyalar saxlanılır. Burada müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, tarix və mədəniyyətimizə böyük diqqət və qayğı ilə yanaşmış, dəfələrlə bu muzeydə olmuş ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb.
Nümayəndə heyətinin üzvləri Hacı Zeynalabdin Tağıyevin binanın ikinci mərtəbəsində yerləşən memorial muzeyi ilə də tanış olublar. Burada toplanan qədim əşyalar və sənədlər qonaqlarda böyük maraq oyadıb.