DÜNYA
Çində əhaliyə 700 milyon dozadan çox COVID-19 peyvəndi vurulub
Pekin, 3 iyun, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 704 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.
Son günlər orta hesabla gündə 25 milyon doza peyvənd vurulur. Əhali arasında peyvəndə marağın belə artmasının səbəbi insanların vaksinasiyanın pandemiyaya qalib gəlməyin yeganə yolu olmasına inamının getdikcə artması ilə bağlıdır. Aprel ayı ilə müqayisədə gündəlik vaksin olunanların sayı 3,5 dəfə çoxalıb. Son günlər Çinin cənubundakı Quandun vilayətində az sayda yoluxmaların qeydə alınması fonunda sakinlərin vaksinasiyaya müraciətlərinin sayı sürətlə çoxalıb. Nəticədə səlahiyyətli qurumlar vilayətin paytaxtı olan Quancou şəhərində fərdi müraciətlərin qəbulunu müvəqqəti dayandırıb və əhali risk qruplarına bölünərək mərhələli şəkildə vaksinasiyaya start verilib.
Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da fəaliyyət göstərir.
Qeyd edək ki, Çində COVID-19 virusuna qarşı vaksinasiyanın əhalinin xüsusi risk qrupunu əhatə edən birinci mərhələsi ötən ilin dekabrında, könüllülük prinsipi əsasındakı 2-ci mərhələsi isə fevralda başlayıb. Vaksinasiyada “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin