CƏMİYYƏT
Çuğundur qaraciyərin və beyinin fəaliyyətini yaxşılaşdırır
Bakı, 5 aprel, AZƏRTAC
Çuğunduru orta miqdarda hər gün də yemək olar. Baha olmayan bu tərəvəzin tərkibi xeyli sayda antioksidantlarla, eləcə də sağlamlıq üçün vacib olan kalsium, fosfor, kalium, dəmir, sink kimi minerallar və B1, B2, B6 və C vitaminləri ilə zəngindir.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bundan başqa, çuğundur orqanizmin sağlamlığını möhkəmləndirən bir çox xassələrə malikdir.
Yüksək qan təzyiqi zamanı kömək edir. Çuğundur antioksidant təsirinə malik flavonoidlə - betaninlə zəngindir. Betanin ürək-damar sistemini dəstəkləyir və kardioloji xəstəliklərin qarşısını ala bilir. Çuğundur şirəsindən istifadə arterial təzyiqin aşağı salınmasına kömək edir.
Beyinin fəaliyyətini yaxşılaşdırır. Çuğundur nitrat maddələri ilə zəngindir və bu maddələr orqanizmdə azot oksidinə çevrilir. Azot oksidinin təsiri altında qan damarları, o cümlədən baş-beyindəki qan damarları “yumşalır” və genişlənir, bu da oksigen və bəsləyici maddələrin nəqlinin yaxşılaşmasını təmin edir. Nəticədə diqqətin cəmləşməsi yüksəlir, beyinin digər funksiyaları yaxşılaşır.
Qaraciyərin funksiyasını yaxşılaşdırır. Çuğundurun tərkibindəki betanin həm yüksək qan təzyiqi zamanı kömək edir, həm də qaraciyərə yaxşı təsir göstərir. Məsələn, onun təsiri nəticəsində qaraciyərdə piyin toplanması azalır, onun fəaliyyəti aktivləşir, xolesterinin səviyyəsi aşağı düşür.
Həzm prosesini stimullaşdırır. Əksər tərəvəzlər kimi, çuğundurun da tərkibində lifli maddələr var və bu maddələr həzm prosesinin faydalı aktivatorlarıdır. Rasiona çuğundurun daxil edilməsi qəbizliyin qarşısını alır və babasilin yaranma riskini aşağı salır.